Azərbaycan Respublikası Prezidentinin bilavasitə nəzarəti altında və Təhsil Nazirliyinin rəhbərliyində inkişaf edən Azərbaycan ali təhsil sisteminin əsas sütunlarından biri olaraq yeni yaradılan Bakı Mühəndislik Universiteti ölkə iqtisadiyyatının və təhsilinin inkişafına dəstək istiqamətində fəaliyyət göstərməyə başlayıb. BMU gənc nəslin müasir elmi-texniki keyfiyyətləri mənimsəmiş fərd olaraq yetişməsinə dəstək istiqamətində, dünyadakı texnoloji yeniliklərin elmdə tətbiqini əsas götürərək, əməli addımlar atmağa başlayıb. Bunlardan biri də “FameLab” layihəsidir. Layihə, elmi sinif otağı çərçivəsindən çıxarıb, əyləncəli şəkldə auditoriyaya çatdırmaq; eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaq məqsədi ilə təşkil olunan yarışma tipli fəaliyyətdir. İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapmaqdır. Qeyd edək ki, elm ilə məşğul olan şəxslərdə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradan bu müsabiqədə əsas iştirakçılar 21 yaşdan yuxarı, elm və ictimai istiqamətlərdə işləyən, eləcə də, texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslərdir. Əsas məqsədlərindən biri də gənclərdə elmə olan marağı artırmaq və gələcəyin gənc alimlərinə dəstək olmaq olan bu müsabiqəyə Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının elmi işçiləri, müəllim, bakalavr və magistr tələbələri, eyni zamanda doktorantlar da cəlb olunur. “Famelab” müsabiqəsi Azərbaycanda ilk dəfə 2007-ci ildə Britaniya Konsulluğunun dəstəyi ilə təşkil olunmağa başlanılıb. 2007, 2008 və 2009-cu illərdə layihə İctimai televiziyanın media dəstəyi ilə keçirilib. 2015 və 2016-cı illərdə yenidən keçirilməyə başlanıb. Televiziya vasitəsilə elmə aidiyyatı olmayan, tamaşaçı kütləsinə öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan Azərbaycan elminin yeni simalarının axtarışındadır. Seçim mərhələsinin nəticəsində 10 nəfər finalçı sonuncu mərhələdə iştirak etməyə dəvət olunacaq. Final mərhələsinin qaliblərinə 2 gün ərzində danışıq və təqdimetmə bacarığını inkişaf etdirmək məqsədi ilə Böyük Britaniyadan gələcək alim və media nümayəndəsi təlim verəcək. Final mərhələsində müasir elmi mövzuda və əvvəlki çıxışdan fərqli olan 5 dəqiqəlik təqdimat edilməsi tələb olunur. Münsiflər heyəti təqdimat barəsində sual verəcək və fikirlərini bildirəcəklər. Finalda ən yaxşı performans nümayiş etdirərək qalib seçilən iştirakçı Azərbaycanı Çeltenham, İngiltərədə keçirilən FameLab Beynəlxalq müsabiqəsində təmsil etmək hüququ qazanır. Münsiflər heyəti tərəfindən seçiləcək ikinci, üçüncü yerin sahibləri və auditoriyanın rəğbətini qazanan müsabiqə iştirakçısına hədiyyələr təqdim olunacaq.

 

Müsabiqə ilə əlaqədar geniş məlumat http://famelab.az/ səhifəsində verilib.

Advertisements